- 9 Avq, 2021
Səs izolyasiyası niyə önəmlidir?
Səs izolyasiyası çeşidli səbəblərdən ötrü əhəmiyyətli hesab edilir. Ən bilinən səbəbi isə səs-küyün yüksək olduğu mühitlərdə səsin kənara çıxmasının və ətrafdakı insanları narahat etməsinin qarşısını almaqdır. Digər bir səbəb isə kənarda müşahidə edilən səsin yaşayış yerinə daxil olmasına imkan verməməkdir. Burada əhəmiyyətli nüans səsin mənbəyindən/(müşahidə olunduğu mühitdən) səs dalğalarının ətrafa minimum şəkildə yayılmasını təmin etməkdir. Otaqlar arasında səsin yayılması 2 şəkildə müşahidə olunur:
1. Hava yolu ilə
2. Konstruksiya yolu ilə
Hava yolu ilə yayılan səslərin anlaşılması və qarşısının alınması daha asandır. Bu növ səslər əsasən konstruksiyadakı boşluqlar vasitəsilə yayılır. İnsanların danışması, televizor səsi kimi səsləri bu qəbildən hesab etmək olar. Konstruksiya vasitəsilə yayılan səslər isə “konstruktiv küy” adlanır və bu növ səslərin anlaşılması nisbətən daha çətindir. Bu halda səs divarda, tavanda, döşəmədə və konstruksiyanın digər elementlərində titrəyişə səbəb olur və bu titrəyiş qonşu konstruksiyalara, binanın digər hissələrinə yayılaraq “konstruktiv küy” əmələ gətirir. İnsan tərəfindən asanlıqla hiss olunmasa da səs dalğaları bərk və enli beton divarlarda belə titrəyişlərə səbəb olur və bu titrəyişlər nəticəsində divarın digər tərəfində - qonşu otaqda böyük ölçüdə səs yayılır və bu səsin qarşısının alınması nisbətən daha çətindir və həlli professional yanaşma tələb edir.
Ümid edirik, bu məlumat sizin üçün faydalı olar.
Dəyərli qalın!